Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

"Yay Düşərgəsi" layihəsinin məqsədi nədir?

Yay düşərgəsinin məqsədi yeniyetmələrin öz yay tətillərini səmərəli və yaddaqalan şəkildə keçirmələrindən ibarətdir. Düşərgəyə seçilən şagirdlər təkcə istirahət etməklə kifayətlənmirlər, eyni zamanda, dünya görüşünü artırır, alman xalqının yaşayış tərzi, mədəniyyəti, dəyərləri ilə yaxından tanış olurlar. Belə ki, proqram çərçivəsində 20 nəfər məktəbli 2 həftə ərzində Almaniyanın müxtəlif vilayətlərinə (Nordrayn-Vestfali, Bavariya və s.) səfərlər edir, orada asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif seminarlarda, idman yarışlarında, oyunlarda və qrup məşğələlərində iştirak edir, müxtəlif tarixi məkanları və muzeyləri ziyarət edirlər. İllər ötdükcə proqramda dəyişməyən amil iştirak edən şagirdlərin vətənə xoş təəssüratlarla geri dönməyidir.

"Yay Düşərgəsi" layihəsi kimlər üçün nəzərdə tutulmuşdur?

"Yay Düşərgəsi"ndə SOCAR-da, törəmə şirkətlərində və ya SOCAR-ın 50%-dən yuxarı iştirak payına sahib olduğu birgə müəssisələrdə işləyən əməkdaşların 7-ci və 8-ci sinifdə oxuyan övladları iştirak edə bilər.

Düşərgəyə sənəd qəbulu hansı tarixdə başlanır?

Hər ilin yaz-yay aylarında sənəd qəbuluna start verilməsi barədə məlumat şirkət daxili kommunikasiya kanalları (SOCAR Ailəm portalı, info@socar.az) və www.socar.az vasitəsilə elan olunur. Həmçinin, məlumatlar SOCAR-ın törəmə müəssisələri və 50%-dən yuxarı iştirak payına sahib olduğu birgə müəssisələrinə elan olunur və proses barədə ətraflı məlumat www.socar.az saytında dərc edilir.

Məktəbli 7-ci və ya 8-ci sinifi bu il bitiribsə, müsabiqədə iştirak etmək üçün müraciət edə bilərmi?

Bəli, müsabiqəyə 7-ci və 8-ci (dövlət və ya özəl məktəb) sinfi cari ildə bitirmiş şagirdlər müraciət edə bilərlər.

Tələb olunan şərtlərə cavab verən eyni ailə üzvləri (övladları) müsabiqəyə qoşula bilərmi?

Bəli, tələb olunan şərtlərə cavab verən bütün məktəblilər müsabiqədə iştirak etmək üçün müraciət edə bilər. Lakin bu layihənin sosial məqsədli olması nəzərə alınaraq, eyni ailədən müraciət etmiş iki və daha çox namizəddən yalnız test mərhələsində ən yüksək nəticə göstərmiş namizəd müsahibə mərhələsinə dəvət olunur. Bu şərt əkiz namizədlərə şamil edilmir.

Müsabiqədə iştirak üçün şagirdin qiymətlərinə baxılırmı?

Təqdim edilmiş qiymət cədvəllərində nəzərdə tutulmuş əsas fənlər üzrə qiymətlərin əla və ya yaxşı olması, digər qiymətləndirmə sistemində isə 70%-dan çox olması tələb olunur. Qeyri-əsas fənlər (musiqi, bədən tərbiyəsi, əmək hazırlığı, təsviri incəsənət və s.) üzrə qiymətlər meyar kimi nəzərə alınmır.

Müsabiqə neçə mərhələdən ibarətdir və şagird hansı meyarlar üzrə qiymətləndirilir?

Müsabiqənin iki mərhələdə keçirilməsi nəzərdə tutulub:
1. Test mərhələsində namizədlərin orta məktəb biliklərinin yoxlanılması üzrə test imtahanı keçirilir. Testlər toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramlarına uyğun olaraq Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya, xarici dil, biologiya, riyaziyyat və fizika fənləri üzrə hazırlanmış və SOCAR-ın korporativ saytında (https://socar.az/az/page/test-tapsiriqlari) yerləşdirilmişdir. Test imtahanı şagirdin təhsil bölməsindən asılı olaraq Azərbaycan, Rus və ya digər dillərdə həyata keçirilə bilər. Test imtahanında müəyyən səbəblərdən iştirak edə bilməmiş namizədlər üçün əlavə test imtahanı təşkil edilmir.
2. Müsahibə mərhələsində məktəblinin fikrini ifadə etmə, məsuliyyət, davranış, özünəinam, inandırma və s. şəxsi keyfiyyətləri də nəzərə alınır, həmçinin xarici dil bilikləri də yoxlanılır. Bu zaman test imtahanında toplanan ballar nəzərə alınmır. Müsahibəyə vəsiqə qazanan namizədlər özləri ilə şəxsiyyət vəsiqəsinin və digər tələb olunan sənədlərin əslini gətirməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə elan bölməsindən tanış ola bilərsiniz.

Düşərgə xərcləri kim tərəfindən qarşılanır və ödənişlə bağlı hansı şərtlər mövcuddur?

Düşərgəyə seçilmiş məktəblilərin aviabilet və viza xərcləri valideynlər tərəfindən, digər bütün xərclər isə (yerləşmə, qidalanma, daxili nəqliyyat və s.) əməkdaş şirkət tərəfindən qarşılanır.
Aviabiletlər alındıqdan sonra düşərgədən imtina edilsə aviabiletin xərci geri qaytarılmır, cərimə ilə geri qaytarılması mümkün olduqda isə cərimə valideyn tərəfindən ödənilir. Habelə uçuş (gediş) günü hava limanına vaxtında gəlməmə, lazımi sənədləri tam və dolğun formada gətirməmə səbəbindən məktəblinin düşərgəyə qoşulması mümkün olmazsa, aviabiletin xərci geri qaytarılmır.

Düşərgə iştirakçılarının məsuliyyəti nələrdən ibarətdir?

Düşərgə iştirakçıları aşağıdakı məsələlərdə məsuliyyət daşıyırlar:

  • Nizam-intizam qaydalarına riayət etmək;
  • Qarşı tərəfin mədəni və mənəvi dəyərlərinə hörmətlə yanaşmaq
  • SOCAR əməkdaşlarının, həmçinin qarşı tərədən təyin edilmiş qrup koordinatorlarının göstərişlərinə və tapşırıqlarına riayət etmək;
  • Azərbaycanı layiqincə təmsil etmək;
  • Digər proqram iştirakçılarına hörmətlə yanaşmaq;
  • Mübahisələrə və aqressiv davranışlara yol verməmək.

Səfər ilə bağlı ətraflı məlumatı necə əldə edə bilərəm?

Səfərlə bağlı ətraflı məlumat müsabiqə qalibləri və onların valideynləri üçün təşkil ediləcək səfər öncəsi (SOCAR və UniPer əməkdaşları tərəfindən) görüşdə verilir. Əlavə olaraq, görüş zamanı qaliblərin və onların valideynlərinin sualları cavablandırılır.