“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası (YDS) 2010-cu il mayın 7-də açılıb.
Hazırda ölkədə YDS-lərin 71-i “SOCAR PETROLEUM”un payına düşür. Bu YDS-lərdən 9-u Qarabağ və Şəqi Zəngəzur İqtisadi rayonlarının ərazisindədir.Onlardan 2-si stasionar (Şuşa və Qubadlı) 7-si isə modul tiplidir. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir.
SOCAR-a məxsus YDS-lərdə satışı həyata keçirilən yanacağın 92%-i yerli istehsal, 8%-i isə idxal hesabına əldə olunur. Başqa sözlə, YDS-lərdə satılan “A-92” və dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodundan (NEZ) alınır, “SUPER” və “Premium” markalı yanacaq isə idxal olunur. Zavodda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində, hazırda xaricdən idxal olunan “Premium” markalı yanacağın 2023-cü ildə zavodda istehsalı nəzərdə tutulub.
“SOCAR PETROLEUM”a məxsus YDS-lərdəki bütün yanacaq növləri hər ay Metrologiya İnstitutu tərəfindən yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir. Yanacaq növlərinin keyfiyyətinə, mütəmadi olaraq, səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bundan başqa, SOCAR YDS-lərinin yeraltı əmtəə çənləri, təsdiq olunmuş qrafikə uyğun olaraq, ildə iki dəfə xüsusi qurğular vasitəsilə təmizlənir və bununla bağlı aktlar tərtib olunaraq saxlanılır.
YDS-də satılan yanacağın ekoloji standartlara cavab verməsinə gəlincə, yerli istehsal olan “A-92” – “AVRO-3”, dizel yanacağı “AVRO-4” ekoloji standartlarına, idxal olunan “SUPER” və “Premium” markalı yanacaq isə “AVRO-5” ekoloji standartına uyğundur. Ümumiyyətlə, SOCAR YDS-lərində “A-92” markalı benzin və dizel yanacağına tələbat daha çoxdur. Çünki yük avtomobilləri, taksilər və avtobusların əksəriyyəti bu yanacaq növlərindən istifadə edirlər.
“SUPER” markalı benzinlə isə əsasən ölkəyə yeni gətirilən, müasir texnologiya ilə istehsal olunmuş minik avtomobilləri işləyir. Bu benzin yüksək ekoloji standartlara uyğun avtomobillərin istifadəsi üçün nəzərdə tutulub. “SUPER” markalı yanacağın hazırlanması zamanı yüksək oktanlı məhsullardan istifadə olunur və buna görə də, o, ekoloji baxımdan təmiz hesab edilir. Son illər Azərbaycana Avropa, Amerika və Yaponiyadan gətirilən avtomobillər məhz “SUPER” markalı benzinlə işləyir. Ölkəmizin avtomobil parkında müasir avtomobillərin artması ilə bu nəqliyyat vasitələri üçün nəzərədə tutulan yanacağa tələbat yüksəlib. “SOCAR PETROLEUM” müştərilərinə daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “AVRO-5” ekoloji standartına cavab verən “SUPER” markalı yanacağın satış dairəsini genişləndirir.
Hazırda "SUPER" markalı yanacaq aşağıdakı YDS-də satılır:
- Bakı-Aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçu dairəsinin yaxınlığı);
- Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);
- Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);
- Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpiya Stadionunun yaxınlığı);
- Babək prospekti (şəhər mərkəzi istiqamətində);
- Ziya Bünyadov prospekti;
- Nobel prospekti;
- Badamdar maşın bazarı yaxınlığı.
Qeyd edək ki, Azərbaycanda “SUPER” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-də həyata keçirilir.
Modul tipli YDS-lər
“SOCAR PETROLEUM”, həmçinin modul topli YDS-in istismara verilməsi təcrübəsini də tətbiq edir. Belə ki, Qusar rayonu, Qusar-Laza yolunun 29-cu km-də yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli modul tipli YDS istifadəyə verilib. “SOCAR PETROLEUM”-un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDS dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə, 1 500 m² -lik ərazidə yerləşir. Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDS olduqca əlverişlidir.
İşğaldan azad olunmuş Qarabağ torpaqlarındakı quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Ağdam şəhərində, inşası hazırda davam edən yeni yolun üzərində də “SOCAR” brendli modul tipli YDS istifadəyə verib.
Modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılır və “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bununla da, 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaranır.
Sıxılmış Təbii Qaz (CNG)
“SOCAR PETROLEUM” QSC, YDS şəbəkəsinin inkişaf planına uyğun olaraq, CNG (Sıxılmış Təbii Qaz) məntəqələrinin yaradılmasına xüsusi önəm verir. CNG hazırda sərfiyyat və təhlükəsizlik baxımdan bazarda olan ən əlverişli və ekoloji cəhətdən ən təmiz yanacaqdır. Bunu nəzərə alan SOCAR CNG satışı istiqamətində fəaliyyətini intensivləşdirir. Hazırda CNG məntəqələrinin sayı 9-a çatdırılıb. İnkişaf planına uyğun olaraq, yaxın zamanda əlavə 12 CNG məntəqəsinin istismara verilməsi və şəbəkəyə daxil olan məntəqələrin sayının 21-ə çatdırılması planlaşdırılr.
Qeyd edək ki, digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emissiya edir. Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır. Beləliklə, bu yanacağın keyfiyyətləri daxiliyanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkifaş etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir.
Bu, maraqlıdır: CNG (“compressed natural gas”) təbii qazın 200 bar təzyiq altında sıxılmış formasıdır, 95% metandan ibarətdir. Satış qiymətinin aşağı olması istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən, benzin və dizel yanacaq növlərinin əsas alternativi sayılan CNG ekoloji cəhətdən ən təmiz və təhlükəsiz mühərrik yanacağıdır və “AVRO-6” ekoloji standartının tələblərinə cavab verir. Sərfiyyatı, maye qaz (LPG) ilə müqayisədə, 20% azdır. Azərbaycanda 2015-ci ildən etibarən ictimai nəqliyyatda istifadə edilir, 2018-ci ildən isə YDS şəbəkəsi vasitəsilə pərakəndə satılılr. CNG-nin Azərbaycanda əsas istifadəçilərindən biri də “BakuBus” MMC-dir.
“SOCAR PETROLEUM” və “189 TAXİ” bu istiqamətdə birgə “Eko taksi” layihəsini həyata keçirirlər. Əməkdaşlıq çərçivəsində “189 TAXİ” şirkətinə məxsus taksi avtomobillərinə sıxılmış təbii qaz avadanlıqları quraşdırılıb. Bununla da, taksilərin qaz yanacağı tədarükündə və eyni zamanda “SOCAR PETROLEUM”-un CNG satışlarında xeyli səmərəlilik olub.
“Eko taksi” layihəsi çərçivəsində 1 il müddətində, ümumilikdə, 500 000 km yol qət olunub və 17 000 müştəri daşınıb. Ənənəvi yanacaqdan fərqli olaraq, taksilərin yanacaq məsrəfi 2,5 dəfə azalıb. Bundan başqa, layihə müddətində ölkə atmosferinə atılan istixana qazlarının miqdarı 11 tonadək azalıb. Digər yanacaq növlərində bu rəqəm dəfələrlə çoxdur. Şəhər daxili və eyni zamanda ictimai nəqliyyatda CNG yanacağı ən səmərəli və ekoloji təmiz yanacaq növlərindən biridir.
Elektromobillərin şarj olunması
“SOCAR PETROLEUM” və “CZAR INTERNATIONAL” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.
Bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məscidi yaxınlığında yerləşən SOCAR YDS-də quraşdırılıb. Burada eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kvt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.
Hazırda Bakı şəhərində və Qubadlı rayonu, Eyvazlı kəndi, Gorus-Qafan yolunda “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-lərdə “CZAR INTERNATIONAL” şirkəti ilə əməkdaşlıq çərçivəsində şarj avadanlıqları quraşdırılaraq istehlakçıların istifadəsinə verilib.