Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Kulevi terminalı


Kulevi neft terminalı SOCAR-ın Gürcüstandakı ilk və ən mühüm sərmayələrindəndir. Terminalın yerləşdiyi Redut – Kale limanının tarixi 1804-ci ildə burada Redut qalasının və sonradan limanın tikilməsi ilə başlayır. Liman XX əsrin əvvəlində öz əhəmiyyətini itirib, 1999-cu ildə Gürcüstan hökuməti tərəfindən onun yerində Kulevi neft terminalının tikilməsi haqqında qərar qəbul olunub. Belə ki, Gürcüstan hökuməti Azərbaycanın həyata keçirməyə başladığı “Əsrin Müqaviləsi” çərçivəsində, Gürcüstan limanlarının gələcəkdə gözlənilən neft və neft məhsullarının həcminin öhdəsindən gələ bilməyəcəyini təxmin edib. SOCAR, Kulevi terminalını 2006-ci ilin dekabrında əldə edərək, onun tikintisini başa çatdırdı. 2008-ci ilin may ayında neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulan Kulevi terminalı fəaliyyətə başladı.

Gəmi və dəmiryolu vasitəsilə daşınan neft və neft məhsulları burada boşaldılır, rezervuarlarda saxlanılır və sonradan gəmilərə yüklənərək nəql olunur. Poti terminalının illik tutumu 1 milyon ton neft (əlavə olaraq 4 milyon ton quru yük), Supsa terminalının isə illik tutumu 8 milyon ton neft olduğu halda, Kulevi terminalında ildə 10 milyon ton neft və neft məhsullarını yükləyib boşaltmaq mümkündür.

Terminalda əsasən xam neft, neft yanacağı, dizel yanacağı, metanol, aviasiya kerosini, butan-butilen fraksiyası (bbf), propilen, maye piroliz qətranı, nafta (benzin-liqroin fraksiyası), izopropil spirti, ultra-aşağı kükürdlü dizel (ulsd), sənaye yağı, karbohidrogen qaz kondensatı, para-ksilol və benzol kimi karbohidrogen məhsulları nəql olunur.

Kulevi terminalının anbarının ümumi tutumu 407 min m³ olan 28 çəndən ibarətdir. Terminalın 6 körpü-estakadası eyni vaxtda 208 dəmiryolu vaqonunun boşaldılması imkanına malikdir. Bundan əlavə, 2012-ci ildə mayeləşdirilmiş yanacaq qazlarının (LPG) boşaldılması və qaz tankerlərinə yüklənməsi üçün boşaltma estakadası istifadəyə verilib. 2015-ci ildən başlayaraq həyata keçirilən genişləndirmə layihələri nəticəsində terminal vasitəsilə aşırılma dəhlizi üçün yeni məhsullar olan metanol, paraksilol və benzolun, eləcə də Orta Asiya mənşəli yüksək donma temperaturuna malik mazutun daşınması mümkün olub.

Tələbatları nəzərə alaraq, hazırda terminalın yükaşırma imkanlarını daha da inkişaf etdirmək üçün bitumun boşaldılması üçün yeni texnoloji qurğu və avadanlıqların tikilib istifadəyə verilməsi məqsədi ilə genişləndirmə layihəsi həyata keçirilir.

2008-ci ildən etibarən Kulevi neft terminalı vasitəsilə 30 milyon tona yaxın neft və neft məhsulları qəbul edilərək 2149 dəniz tankerlərinə yüklənib.

Terminalın qeyd olunan xüsusiyyətləri və əlverişli coğrafi mövqeyi onun rəqabət qabiliyyətini artırıb, regionun bir çox iri neft şirkətlərinin diqqətini cəlb edib. 2010-cu ilin may ayından Kulevi terminalı Qazaxıstanın iri neft şirkətlərindən sayılan “Tengizchevroil” ilə əməkdaşlıq edir. Kulevi neft terminalı dəfələrlə Gürcüstanda ilin “Ən müasirləşdirilmiş neft terminalı” və “Ən yaxşı infrastrukturu olan neft terminalı” mükafatlarının qalibi olub.