“Kaspian Drilinq Kompany Limited” MMC (CDC), “Əsrin müqaviləsi” çərçivəsində kəşfiyyat-qazma aparılması məqsədilə Azərbaycan Respublikasında ilk müştərək müəssisə kimi 1996-cı ildə yaradılıb. Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi, dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak etmək şirkətin əsas fəaliyyət istiqamətlərini təşkil edir.
CDC Xəzərin Azərbaycan sektorunda mövcud 16 Hasilatın Pay Bölgüsü Sazişlərinin kəşfiyyat-qazma işləri üzrə əsas icraçısı olub. Şirkətin “İstiqlal” və “Dədə Qorqud” üzən qazma qurğuları vasitəsilə “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu”, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Naxçıvan”, “Abşeron”, “İnam”, “Kürdaşı” və “Araz” dəniz strukturlarında, ümumilikdə, 14 geoloji strukturda 100 dərin kəşfiyyat quyusu, “Şərqi Azəri”, “Qərbi Azəri” və “Mərkəzi Azəri” dəniz strukturlarında 114 horizontal quyu qazılıb. Qazma fəaliyyəti nəticəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları kəşf edilib.
CDC “İstiqlal” və “Dədə Qorqud” yarımdalma qazma qurğularının modernləşdirilməsini həyata keçirməklə yanaşı, Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusunun da inşasına rəhbərlik edib, onunla “Abşeron” və “Şəfəq-Asiman” qaz yatağında qazma işləri aparıb. Heydər Əliyev adına yarımdalma qurğusu ilə hazırda “Şahdəniz” yatağında qazma işləri aparılır.
CDC bir sıra xarici layihələrdə iştirak edib. Aralıq dənizində İsrail dövləti üçün 2 kəşfiyyat quyusu qazıb. Türkiyədə 6-cı nəsil “Fatih” qazma gəmisinin reaktivasiyasını həyata keçirib, onunla bir kəşfiyyat quyusunun qazma xidmətini icra edib. Xəzər dənizinin Qazaxıstan sektorunda “Dədə Qorqud” yarımdalma qazma qurğusu ilə 1 kəşfiyyat quyusu qazıb.
Bundan əlavə, Qazaxıstanın Kazmunayqaz şirkəti ilə təşkil edilmiş birgə fəaliyyət nəticəsində “SATTİ” özüqalxan qazma qurğusunu Qazaxıstandan Azərbaycana gətirərək modernləşdirilməsini həyata keçirib və qurğu vasitəsi ilə Abşeron Yarımadasının Dayazsulu Sahəsi (AYDS) yatağında 3 kəşfiyyat quyusu qazıb.