SOCAR-ın Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı Bakı şəhərinin 45 km-də, Pirallahı rayonunun Şimali Abşeron limanında yerləşir.
Dübəndi Neft Terminalının iş prinsipi hasil olunan yataq neftlərinin və Xəzəryanı dövlətlərdən dənizlə gətirilən tranzit neft və neft məhsullarının qəbul edilməsi, qablaşdırılması və nəql olunmasından ibarətdir. Dübəndi Neft Terminalı 1971-ci ildə tikilib istifadəyə verilsə də sonralar müxtəlif vaxtlarda burada modernləşdirmə və genişləndirmə işləri aparılıb. Ümumi sahəsi 106,31 ha ərazini əhatə edən terminalın layihə gücü hazırda il ərzində 20 milyon ton məhsulun qəbulu və nəqlinə imkan verir. Terminal neft yataqlarından hasil olunan nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də 1972-ci ildə istismara verilən Dübəndi–Böyükşor–Sumqayıt kəməri vasitəsilə Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərlərinə nəql edir. Bu kəmərin layihə gücü ildə 7 milyon ton neftin nəqlinə imkan verir. Bundan başqa, terminaldan neft 1976-cı ildə istismara buraxılan, layihə gücü illik 9 milyon ton məhsulu nəql etməyə imkan verən Dübəndi-Böyükşor, eləcə də 1984-cü ildə istismara buraxılan, layihə gücü illik 2 milyon ton olan Dübəndi-Suraxanı-Böyükşor kəmərləri vasitəsilə Heydər Əliyev adına Neft Emalı Zavoduna nəql olunur.
Sadalanan bütün əməliyyatların həyata keçirilməsi üçün Dübəndi Neft Terminalında 55 ədəd əmtəə neft çənindən, 16 ədəd nasos aqreqatından ibarət 3 magistral nasos stansiyasından, həmçinin ümumi uzunluğu 35 km olan müxtəlif diametrli daxili texnoloji neft kəmərlərindən istifadə olunur.
Həmçinin Dübəndi Neft Terminalında hər birinin yükaşırma gücü 5 000 000 ton/il olan 1 və 3 gəmi yanalma körpüsü istismar olunur və hazırda neftin idxal, nəql və ixrac sisteminin “Təkmilləşdirmə proqramı” layihəsinə uyğun olaraq, 2 saylı gəmi yanalma körpüsünün yenidənqurulması işləri davam edir.
Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnoloji iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin olunması Dübəndi Neft Terminalının başlıca iş prinsiplərini təşkil edir.